top

 

ANA SƏHİFƏ TƏHSİLİN PROBLEMLƏRİ KİTABXANA REFERATLAR VİRTUAL TƏHSİL FORUM LİNKLƏR ƏLAQƏ

AKTİV BÖLMƏLƏR

Aktual mövzu

Səhifə yenilikləri

Kitabxana yenilikləri

Hazirlanir Texnodrom

Hazirlanir Yeni referatlar

Hazirlanir Bizim müəllimlər

Hazirlanir Özünü yoxla

Hazirlanir Bunları bilmək maraqlıdır

Hazirlanir İlk onluq

XƏBƏRLƏR.

Hazirlanir Təhsil xəbərləri

Texnoloji xəbərlər

Ölkə xəbərləri

Dünya xəbərləri

KITABXANA - 02 - Parlament təcrübəsi (pt)

ALMANİYA PARLAMENTİ

Qulamhüseyn Əliyev,
 
Milli Məclisin üzvü

Mənbə: "Məşvərət", N26, 2000


4. İş qaydası

a) Palataların iclasları

İtaliya parlamenti “daxili parlament” adlandırılan kateqoriyaya aiddir. Belə ki, parlamentin iclaslarının (İtaliya qanunvericiliyində parlamentin sessiyaları anlıyışından istifadə olunmur) keçirilməsi müddəti Konstitusiya ilə dəqiq nizama salınmır. İtaliya Konstitusiyası yalnız parlamentin iclaslarının başlandığı günləri müəyyən edir. İclasların başa çatması vaxtı, parlament tətilləri və digər məsələlər parlamentin özü tərəfindən müəyyənləşdirilir.

İtaliya parlamenti ildə 2 dəfə - fevral və oktyabr aylarının bayram olmayan ilk günü öz iclaslarına başlayır. Hər bir palatanın fövqəladə iclasları respublika prezidentinin, müvafiq palata sədrinin, yaxud deputatların (senatorların) 1/3-nin təşəbbüsü ilə çağırıla bilər. Palatalardan birinin fövqəladə iclası çağırıldıqda digər palata da dərhal heç bir təşəbbüs olmadan fövqəladə iclasa toplanır.

Palataların iclasları açıq keçirilir. Hər bir palata ayrılıqda, o cümlədən palataların birgə iclası zamanı parlament bütövlükdə qapalı iclas keçirilməsi barədə qərar qəbul edə bilər. Qapalı iclas keçirilməsi barədə qərar hökumətin, parlament qruplarından (fraksiyalardan) birinin sədrinin və ya 10 deputatın (senatorların 1/10 hissəsinin) xahişi ilə qəbul edilir.

Hər 2 palatanın iclas salonunda qonaqlar üçün xüsusi tribunalar ayrılmışdır. İstənilən şəxs həmin tribunalardan palataların iclaslarına baxa bilər. Lakin tribunalarda olan qonaqlar deputatların (senatorların) çıxışlarını bəyəndiklərini, yaxud bəyənmədiklərini hər hansı formada ifadə edə bilməzlər. Əks halda onlar qaydaların yerinə yetirilməsinə nəzarət edən məmurlar (hər tribunada belə məmurlar olur) tərəfindən qonaq tribunalarından uzaqlaşdırılırlar.

Deputatlar palatası sədrinin sərəncamı ilə palatanın iclasları birbaşa dövlət televiziyası və radiosu vasitəsi ilə translyasiya oluna bilər.

Hər bir palatanın iclası onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə yetərsaylı hesab olunur. Yetərsay müəyyən edilərkən parlament və ya hökumət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar iclasda iştirak etməyən deputatlar (senatorlar) da nəzərə alınır. Yəni parlament nümayəndə heyətinin tərkibində səfərdə olan, parlament komissiyalarının iclasında iştirak edən, yaxud hökumət işini həyata keçirən parlament üzvləri də yetərsayda palataların iclasında iştirak edənlər kimi hesaba alınır. Palataların birgə iclası zamanı isə yetərsay deputatların və senatorların birlikdə ümumi sayının yarıdan çoxu hesab olunur.

Hökumət üzvləri parlamentin tərkibinə daxil olmasalar da palataların iclaslarında iştirak edə və istənilən zaman çıxış edə bilərlər. Parlament (yaxud palatalardan biri) tələb etdikdə hökumət üzvlərinin iclaslarda iştirakı məcburidir.

Palataların iclasları, bir qayda olaraq, 3 aylıq müddət üçün nəzərdə tutulan proqramlar üzrə keçirilir. Belə proqramlar uyğun palata sədrinin rəhbərliyi ilə keçirilən parlament qrupları (fraksiyaları) rəhbərlərinin konfransında hökumətin mövqeyi nəzərə alınmaqla təsdiq edilir. Palatanın fəaliyyətinin 3 aylıq proqramları parlament qrupları rəhbərlərinin konfransında yekdilliklə (konsensus əsasında) təsdiq edilməli və uyğun palatanın iclaslarında deputatların (senatorların) nəzərinə çatdırılmalıdır. İstənilən deputat (senator) proqramın müzakirə olunmasını tələb edə bilər. Müzakirələrin məqsədəuyğunluğu haqqında məsələ uyğun palata tərəfindən həll edilir. Palata müzakirələri məqsədəuyğun hesab etdikdə proqram deputatlar (senatorlar) tərəfindən müzakirə olunduqdan sonra səsvermə yolu ilə təsdiq edilir. Palata müzakirələrin məqsədəuyğunluğu haqqında qərar qəbul etmədikdə isə təqdim olunmuş proqram qəbul edilmiş sayılır. Üçaylıq proqram üzrə müzakirələr açılarsa hər fraksiyadan bir parlament üzvünə 5 dəqiqə çıxış etməyə söz verilir.

Üçaylıq fəaliyyət proqramı təsdiq olunduqdan sonra parlament qrupları rəhbərlərinin konfransında hər 2 həftəlik dövr üçün qısamüddətli təqvim planı hazırlanır. Qısamüddətli təqvim planının qəbul edilməsi üçün parlament qrupları rəhbərlərinin konfransında konsensus əldə olunması tələb olunmur; fikir ayrılığı olduqda məsələ uyğun palata tərəfindən qısa müzakirələrdən sonra həll olunur. Bu məsələnin müzakirəsi zamanı da hər parlament qrupundan bir nümayəndə 5 dəqiqə çıxış edə bilər. Lakin müzakirələrdə 3 aylıq fəaliyyət proqramında dəyişikliklər edilməsini nəzərdə tutan və ya onun ayrı-ayrı hissələrinin yerinə yetirilməsinə maneələr yaradan təkliflərə yol verilmir.

Üçaylıq fəaliyyət proqramı və 2 həftəlik təqvim planı təsdiq olunduqdan sonra hər bir iclasın konkret gündəliyi müəyyən olunur. Hər iclasın sonunda palata sədri növbəti 2 gün üçün iclasın vaxtı və gündəliyini elan edir. İclasın vaxtı və gündəliyinə dair başqa fikir olarsa qısa müzakirələr açılır; bu müzakirələrdə 2 nəfər (iclasın elan olunmuş vaxtı və gündəliyin lehinə və əleyhinə olanların hərəsindən bir nümayəndə) 10 dəqiqədən çox olmamaqla çıxış etdikdən sonra açıq səsvermə yolu ilə qərar qəbul edilir.

Gündəlikdə nəzərdə tutulmayan məsələlərin müzakirəsinə yol verilmir. Ayrı-ayrı hallarda iclasın əvvəlində, yaxud gündəliyin növbəti məsələsinə keçilməzdən qabaq müvafiq palatanın xüsusi qərarı ilə gündəlikdə nəzərdə tutulmayan məsələ də müzakirəyə qəbul edilə bilər. Belə qərar qrup rəhbərlərindən hər birinin və ya 10 deputatın təklifi əsasında gizli səsvermə yolu ilə iştirak edənlərin 2/3 hissəsinin səs çoxluğu ilə qəbul edilməlidir.

Palataların hər bir iclası əvvəlki iclasın protokolunun oxunuşu ilə başlanır. Protokola dair heç bir qeyd olmadıqda o, təsdiq olunmuş hesab edilir; əgər protokolun səsə qoyulması tələb olunarsa səsvermə əl qaldırmaqla həyata keçirilir. Deputatlar (senatorlar) protokoldakı faktların düzgünlüyünə münasibət bildirə, yaxud əvvəlki iclasda söylədiyi fikirlərə dair izahatlar verə bilərlər.

Protokol oxunduqdan və təsdiq olunduqdan sonra sədr, yaxud onun tapşırığı ilə katib daxil olan müraciətləri və məktubları palatanın nəzərinə çatdırır; imzasız müraciətlər və məktublar oxunmur. Kollektiv müraciətlər (petisiyalar) barədə palataya məlumat verildikdən sonra onlar baxılmaq üçün aid olduğu komissiyalara göndərilir.

b) Müzakirələrin təşkili

Parlamentin hər 2 palatasının iclaslarında protokol bəyənildikdən və daxil olan müraciətlər (məktublar) oxunduqdan sonra gündəlikdə duran məsələlərin müzakirəsinə başlanır. Müzakirələrdə iştirak etmək istəyən deputatlar (senatorlar) uyğun palatanın bürosuna müraciət edərək çıxışa yazılmalıdırlar. Müzakirə edilməli olan məsələ gündəliyə daxil edildikdən sonra müzakirələrin 2-ci gününün axırınadək çıxışa yazılmaq olar.

Müzakirələrdə deputatlara (senatorlara) çıxış etmək üçün söz onların yazılma ardıcıllığı ilə verilir. Lakin bu zaman müzakirə edilən məsələnin tərəfdarlarının və əleyhdarlarının növbəliyi gözlənilməlidir. Yəni məsələnin lehinə olan çıxışdan sonra dərhal onun əleyhinə olan deputata (senatora) söz verilir. Deputatlar (senatorlar) çıxış etmək növbəsini öz aralarında dəyişdirə bilərlər.

Parlamentin hər bir üzvü qanun və qətnamə layihəsinin müzakirəsi zamanı ümumi məsələlər üzrə 45 dəqiqəyədək, ayrı-ayrı maddələr və düzəlişlər üzrə isə 20 dəqiqəyədək çıxış edə bilər. Müəyyən olunmuş müddətdən artıq çıxış edən deputatı (senatoru) 2 dəfə xəbərdarlıqdan sonra palata sədri sözdən məhrum edir. Sədr həmçinin müzakirə edilən məsələnin mahiyyəti üzrə danışmayan parlament üzvünü də 2-ci xəbərdarlıqdan sonra sözdən məhrum edə bilər.

Deputatlar (senatorlar) öz çıxışlarını, bir qayda olaraq, şifahi şəkildə edirlər. Lakin 30 dəqiqədən çox olmamaq şərti ilə yazılı nitqin oxunmasına yol verilir.

Müzakirələr başlanana qədər istənilən deputat (senator) konkret əsaslar göstərməklə həmin məsələni ümumiyyətlə müzakirə etməməyi (müzakirədən çıxarmağı), yaxud da müəyyən hallar meydana çıxana qədər müzakirələri təxirə salmağı təklif edə bilər. Müzakirə başlandıqdan sonra isə belə təkliflər azı 10 deputatın imzası ilə yazılı formada verilə bilər.

Məsələnin müzakirə edilməməsi və ya müzakirələrin təxirə salınması barədə təkliflər verildikdə hər 2 palatada qısa müzakirələr açılır. Belə müzakirələr zamanı Deputatlar Palatasında təklifi verən deputat da daxil olmaqla təklifin lehinə 2, əleyhinə də 2 çıxış ola bilər.

Senatda isə hər parlament qrupundan bir nümayəndə təklifə münasibətini bildirə bilər. Bu məsələyə dair çıxışetmə müddəti Deputatlar Palatasında 15, Senatda isə 10 dəqiqədən çox ola bilməz. Məsələnin müzakirə edilməməsi barədə təklif bir neçə əsasa görə verildikdə, həmin əsaslar eyni zamanda müzakirə edilir; belə müzakirələrdə təklifi verən deputat da daxil olmaqla hər parlament qrupundan bir nümayəndə çıxış edə bilər. Müzakirələrin sonunda məsələ sadə səsvermə yolu ilə həll edilir. Məsələnin müzakirə edilməməsi barədə qərar qəbul edildikdə həmin məsələ palatanın gündəliyindən çıxarılır. Müzakirələrin təxirə salınması barədə qərar qəbul edildikdə isə həmin məsələ üzrə müzakirələrin yenidən başlanma tarixi də qabaqcadan müəyyən olunur.

Palatanın iclaslarında reqlamentə, gündəliyə, iş qaydasına və səsvermənin növbəliyinə aid olan məsələlərə baxılarkən məsələni qaldıran deputatdan (senatordan) sonra hər biri 15 dəqiqədən çox olmamaqla lehinə və əleyhinə bir çıxışdan sonra səsvermə keçirilir.

Eyni bir məsələnin müzakirəsi zamanı hər parlament üzvü yalnız bir dəfə çıxış edə bilər. Bundan başqa, səsvermənin motivlərinə, şəxsi məsələlərə, reqlamentə, iş qaydasına, gündəliyə sorğu verilməsinə, səsvermənin növbəliyinə aid olan məsələlər üzrə də həmin deputatın (senatorun) çıxış etmək hüququ vardır. Şəxsi məsələlər üzrə çıxışlara parlament üzvünün davranışı və ya söylədiyi fikir yanlış yozulduqda yol verilir.

Müzakirələr reqlamentlə məhdudlaşdırılmayan hallarda parlament komissiyalarından birinin sədri və ya 10 deputat (8 senator) istənilən zaman müzakirələrə son qoyulmasını tələb edə bilər. Belə tələbin verilməsi qısa müzakirələrə səbəb olur. Deputatlar Palatasında müzakirələrə son qoyulmasının lehinə və əleyhinə bir çıxışdan, Senatda isə hər parlament qrupundan bir nümayəndənin çıxışından sonra məsələ səsvermə yolu ilə həll edilir. Baxılan məsələ üzrə müzakirələrə son qoyulması haqqında qərar qəbul edildikdə hər parlament qrupundan bir nümayəndə həmin məsələ üzrə çıxış edə bilər. Müzakirələr başa çatdıqdan sonra əsas məruzəçi varsa ona söz verilir. Daha sonra isə nazirlər hökumət adından bəyanatla, deputatlar (senatorlar) isə səsvermənin motivləri üzrə çıxış edə bilərlər.

v) Səsvermə qaydaları

Parlamentin hər 2 palatasında həm açıq və həm də gizli səsvermədən istifadə olunur.

Açıq səsvermə əl qaldırmaqla, qruplara bölünməklə, adbaad çağırmaqla, gizli səsvermə isə bülletenlə həyata keçirilir. Son vaxtlar tətbiq olunmasa da ağ (lehinə) və qara (əleyhinə) şarlardan istifadə etməklə gizli səsvermə keçirmək mümkündür.

Həm açıq, həm də gizli səsvermə zamanı elektron qurğulardan istifadə oluna bilər.

Hər 2 palatada səsvermənin adi qaydası əl qaldırmaqdır. Lakin palata sədri səslərin hesablanmasını asanlaşdırmaq məqsədilə elektron qurğularından istifadə etməklə səsvermə keçirilməsi barədə sərəncam verə bilər. Son dövrlərin parlament təcrübəsində elektron qurğulardan istifadə edilməsi səsvermənin üstün qaydasına çevrilmişdir. Palataların hər iclasında elektron qurğularından ilk dəfə istifadə edilərkən deputatlar (senatorlar) bu barədə səsvermədən azı 20 dəqiqə əvvəl xəbərdarlıq edilirlər. İclasın sonrakı gedişində elektron qurğulardan istifadə etməklə səsvermə keçirilməsi üçün xəbərdarlıq tələb olunmur.

Əl qaldırmaqla səsvermənin yoxlanılması tələb olunduğu hallarda da elektron qurğulardan istifadə olunur. Bu zaman parlament üzvləri səsvermədən 5 dəqiqə əvvəl xəbərdar edilirlər. Elektron qurğular işləmədikdə əl qaldırmaqla səsvermənin nəticələri qruplara bölünməklə yoxlanır. Qruplara bölünməklə səsvermə zamanı palatanın sədri məsələnin lehinə və əleyhinə olan deputatlardan (senatorlardan) iclas salonunun ayrı-ayrı yerlərində toplanmağı xahiş edir və katiblər səsvermənin nəticələrini sayırlar.

Adbaad səsvermə Deputatlar Palatasında parlament qruplarından birinin sədrinin və ya 15 deputatın, Senatda isə yalnız 15 senatorun tələbi ilə keçirilir. Gizli səsvermə isə parlament qruplarından birinin sədrinin, yaxud 20 deputatın tələbi ilə keçirilir. Eyni zamanda həm adbaad, həm də gizli səsvermə tələb olunduqda gizli səsverməyə üstünlük verilir.

Adbaad səsvermə hər bir parlament üzvünün necə səs verdiyini qeydə almaqla elektron qurğular vasitəsilə, yaxud da deputatları (senatorları) soyadları üzrə çağırmaqla həyata keçirilə bilər. Soyadlar üzrə çağırmaqla adbaad səsvermə zamanı səs verməli olan ilk deputat (senator) püşkatma ilə müəyyən olunur, sonra isə əlifba qaydası tətbiq olunur.

Palataların reqlamenti bir sıra hallarda səsvermənin məcburi qaydasını müəyyən edir. Belə ki, hökumətə etimad, yaxud etimadsızlıq göstərilməsi məsələsi üzrə yalnız soyadlar üzrə adbaad çağırmaqla səsvermə keçirilir. Hər 2 palatanın orqanlarının seçkiləri zamanı bülletenlərlə gizli səsvermə qaydası tətbiq olunur. Maliyyə qanunları üzrə bütün səsvermələr, digər qanun layihələri üzrə isə yekun səsvermə həmişə açıq keçirilir.

5. QanuNvericilik prosesi

İtaliya parlamentində qanunvericilik funksiyası hər 2 palata tərəfindən həyata keçirilir. Qanunvericilik təşəbbüsü hüququ hökumətə, deputatlara və senatorlara məxsusdur. Digər orqanlar qanunvericilik təşəbbüsü hüququnu məhdud dairəli məsələlər üzrə həyata keçirə bilərlər. Belə ki, parlamentin və hökumətin yanında məşvərətçi orqan olan Milli İqtisadiyyat və Əmək Şurası iqtisadi və sosial məsələlər üzrə, vilayətlərin qanunvericilik hakimiyyəti orqanı olan vilayət şuraları yalnız öz səlahiyyətlərinə aid edilən məsələlər üzrə, yerli bələdiyyələr olan kommuna şuraları isə eyni bir vilayət hüdudlarında yeni əyalətlərin sərhədlərinin dəyişdirilməsi məsələləri üzrə qanunvericilik təşəbbüsü üzrə çıxış edə bilərlər.

Bundan başqa, İtaliyanın Konstitusiya qanunvericiliyi xalq təşəbbüsü qaydasında qanun layihələrinin irəli sürülməsini də nəzərdə tutur. Xalq təşəbbüsü qaydasında qanun layihələri azı 50 min seçicinin imzası ilə irəli sürülə bilər. Xalq təşəbbüsü konkret qanun maddələrinin layihəsi formasında tərtib edilməli və müvafiq izahat məruzəsi ilə müşayiət olunmalıdır. İmza vərəqlərində qanun layihəsinin mətni çap olunmalı və seçicilərin imzaları kommuna şurasının, yaxud məhkəmə idarələrinin dəftərxanasında təsdiq edilməlidir. Xalq təşəbbüsünün qaldırılması, imzaların toplanması və qanun layihəsinin parlamentə təqdim edilməsi 6 ay müddətində həyata keçirilməlidir. Əks halda toplanmış seçici imzaları etibarsız sayılır.

Qanunvericilik təşəbbüsü hüququnun subyektləri tərəfindən qanun layihələri parlamentin hər 2 palatasına təqdim oluna bilər. Yalnız büdcə haqqında qanunlar üçün fərqli qaydalar müəyyən edilmişdir. Belə ki, büdcə haqqında qanunlar parlamentin palatalarına növbə ilə - bir il Deputatlar Palatasına, o biri il isə Senata təqdim olunur.

Palataya təqdim olunmuş qanun layihəsi onun bürosunda qeydiyyata alınır. Büro daxil olan qanun layihəsi barədə palataya məlumat verir, sonra isə onu çoxaldaraq deputatlara (senatorlara) paylayır. Qanun layihəsini uyğun palata sədri təkbaşına aidiyyəti üzrə baxılmaq üçün uyğun komissiyaya göndərir. Lakin 2 gün müddətində parlament qruplarından birinin sədri və ya 10 deputat sədrin qərarına etiraz edə və layihənin başqa komissiyaya göndərilməsini tələb edə bilər. Belə tələb olduqda qısa müzakirə proseduru tətbiq edilir (Deputatlar Palatasında lehinə və əleyhinə bir çıxışdan, Senatda isə hər parlament qrupundan bir nümayəndənin çıxışından sonra məsələ səsvermə yolu ilə həll edilir).

Palata tərəfindən əvvəllər rədd edilmiş qanun layihələrini təkrarlayan layihələr rədd edilmə günündən 6 ay keçməmişsə baxılmaq üçün komissiyaya göndərilə bilməz.

Qanun layihəsi komissiyaya göndərildikdən sonra 2 komissiya ona birgə baxmaq xahişi ilə palata sədrinə müraciət edə bilər. Qanun layihəsinin aidiyyətinə dair bir neçə komissiya arasında mübahisə olarsa məsələni sədr təkbaşına həll edir. Sədr zəruri hesab etdikdə bu məsələni reqlament üzrə cuntanın müzakirəsinə verə bilər.

Layihənin göndərildiyi komissiyada ona digər qərar qəbul edilənədək palata sədri və ya həmin komissiya başqa komissiyadan da rəy bildirməsini xahiş edə bilər. Bu halda həmin komissiya 8 gün (qanun layihəsi təcili elan olunduqda isə 3 gün) müddətində öz rəyini bildirməlidir.

Hökumət, parlament qruplarından birinin sədri və ya 10 deputat qanun layihəsinin təqdim edilməsi ilə eyni zamanda, yaxud da sonralar layihənin təcili elan olunması barədə məsələ qaldıra bilər. Qanun layihəsinin təcili elan olunması haqqında məsələ palatanın növbəti iclasının gündəliyinə daxil edilir və qısa müzakirə proseduru üzrə baxılır. Belə ki, lehinə və əleyhinə bir çıxışdan, habelə hökumət tələb etdikdə onun rəyi öyrənildikdən sonra məsələ səsverməyə qoyulur. Təcili elan olunmuş qanun layihələrinin müzakirə müddətləri 2 dəfə qısaldılır.

Komissiyaya göndərilmiş qanun layihəsi onun referent iclasında baxılır və palata üçün məruzə hazırlanır. Komissiya sədri üzvlərdən birini layihə üzrə məruzəçi kimi təyin edə bilər. Komissiyada müzakirələrin gedişində parlament azlığının proporsional təmsilçiliyini gözləmək şərtilə qanun layihəsinin sonrakı müzakirəsi və ayrı-ayrı maddələrin dəqiqləşdirilməsi üçün məhdud saylı üzvlərdən ibarət komitə yaradıla bilər.

Qanun layihəsi komissiyaya göndərildikdən sonra məruzə ən geci 4 ay müddətində palataya təqdim olunmalıdır. Komissiyada təcili elan olunmuşlarla yanaşı parlament qrupları adından təqdim olunmuş layihələr üstün qaydada baxılır. Belə layihələr komissiyaya göndərildikdən ən geci bir ay sonra öyrənilməyə başlanılmalıdır.

Müəyyən olunmuş müddət keçdikdən sonra komissiyanın məruzəsi hazır olmazsa layihəni təqdim edən deputat, parlament qruplarından birinin sədri və ya 10 deputatın tələbi ilə qanun layihəsi təqdim olunduğu şəkildə palatanın müzakirəsinə çıxarılır. Layihənin göndərildiyi komissiyanın xahişi ilə
mə’ruzənin təqdim edilməsi üçün müəyyən olunmuş müddəti konkret vaxt göstərilməklə palata uzada bilər.

Komissiyada müzakirələr başa çatdıqdan və məruzə hazır olduqdan sonra qanun layihəsi üzrə məruzəçi tə’yin olunur və parlament azlığının proporsional təmsilçiliyini gözləmək şərtilə 9 üzvdən ibarət komitə yaradılır (9-lar komitəsi); bu komitənin əsas funksiyası bilavasitə palatadakı müzakirələr zamanı irəli sürülmüş düzəlişləri öyrənməkdir. Komissiyanın əksər üzvləri ilə razılaşmayan azlıqda qalan qrup da öz məruzəçisini təyin edə bilər.

Palatalarda qanun layihəsinə baxılması 2 mərhələdən keçir: 1) qanun layihəsinin ümumi istiqamətlərinin müzakirəsi; 2) qanun layihəsinin maddələr üzrə müzakirəsi.

Qanun layihəsinin ümumi istiqamətlərinin müzakirəsi hər biri 20 dəqiqədən çox olmamaqla parlament çoxluğunun və azlığının təmsilçilərinin, habelə hökumət nümayəndəsinin çıxışlarından ibarətdir.

Parlament qruplarından birinin sədri və ya 10 deputat həmin çıxışlardan sonra məhdud müzakirələr açılmasını tələb edə bilər. Belə məhdud müzakirələrdə hər parlament qrupundan bir nümayəndə, habelə mənsub olduğu qrupun mövqeyi ilə razılaşmayan deputatlar çıxış edə bilərlər. Ayrı-ayrı hallarda palatada qanun layihəsinin müzakirəsinin başlanmasına 24 saat qalanadək parlament qruplarından birinin sədri və ya 10 deputat ümumi istiqamətlərin geniş müzakirəsini təklif edə bilər. Bu halda zəruri olan iclasların sayını və onların keçirilmə tarixlərini razılaşdırmaq, habelə çıxışetmə qaydasını müəyyənləşdirmək üçün parlament qrupları sədrlərinin konfransı çağırıla bilər.

Qanun layihəsinin əsas istiqamətlərinin müzakirəsi zamanı istənilən deputat (senator) maddələr üzrə müzakirəyə keçməyin əleyhinə olan qətnamə layihəsi təqdim edə və 10 dəqiqə müddətində onu əsaslandıra bilər. Ümumi istiqamətlərin müzakirəsi başa çatdıqdan sonra həmin qətnamə layihəsi səsə qoyulur; qətnamə qəbul edilərsə qanun layihəsi rədd olunmuş hesab edilir; əks halda maddələr üzrə müzakirə başlayır.

Qanun layihəsinin maddələr üzrə müzakirəsi prosesində əvvəlcə hər bir maddə ayrılıqda, sonra isə həmin maddəyə təklif edilən düzəlişlər müzakirə olunur. Bu zaman bütün düzəlişlərin hamısı izah olunana qədər müzakirələr davam etməlidir.

Hər bir maddə və ona təklif edilən düzəlişlər müzakirə edildikdən sonra onlar üzrə səsvermə keçirilir. Səsvermə maddənin əsas mətnindən daha çox fərqlənən düzəlişlərdən başlayır: əvvəlcə maddənin tamamilə, sonra isə qismən ləğv olunmasını nəzərdə tutan düzəlişlər səsə qoyulur. Daha sonra mətndə dəyişikliklər edən, sonda isə dəqiqləşdirici düzəlişlər səsə qoyulur. Axırda maddə bütövlükdə səsə qoyulur.

Maddələr üzrə müzakirələrə keçməzdən əvvəl palata qanun layihəsinin redaktə olunması və ayrı-ayrı maddələrin lazımi qaydada tərtibi üçün onu səlahiyyətli və ya xüsusi komissiyaya göndərə və bu zaman komissiya üçün məcburi meyar və prinsiplər müəyyən edilə bilər.

Maddələr üzrə müzakirələr başa çatdıqdan sonra qanun layihəsi üzrə yekun səsvermə keçirilir. Palata sədri yekun səsverməni növbəti iclasa keçirə bilər.

Palatalardan biri qəbul etdiyi qanun layihəsini baxılmaq üçün digərinə göndərir. Həmin palata da qanun layihəsini olduğu kimi qəbul edərsə, qanun imzalanmaq üçün hökumət vasitəsilə respublika prezidentinə göndərilir; layihəyə dəyişikliklər və düzəlişlər edilərsə yenidən müzakirə üçün onu ilk qəbul etmiş palataya qaytarılır.

Prezidentin qanun layihəsinə münasibətdə nisbi veto hüququ var; o, qanun layihəsinə yenidən baxılmasını tələb edə bilər. Hər 2 palatada qanun layihəsi yenidən adi səs çoxluğu ilə qəbul edilərsə prezident qanunu imzalamağa borcludur.

İtaliyada qanunvericilik prosesinin bir xüsusiyyəti bundan ibarətdir ki, palata ayrı-ayrı hallarda xüsusi əhəmiyyət kəsb etməyən qanun layihələrini müzakirə və qəbul etməyi daimi və ya xüsusi komissiyaya həvalə edə bilər. Qanun layihəsinin qəbul edilməsinin komissiyaya tapşırılması yalnız palata sədrinin təklifi ilə qısa müzakirədən (lehinə və əleyhinə bir çıxış) sonra səsvermə yolu ilə həll edilir. Hökumətin nümayəndəsi və ya palata üzvlərinin 1/10 -i təklifə etiraz edərsə qanun layihəsinin qəbulu komissiyaya tapşırıla bilməz.

Konstitusiyada dəyişikliklər edilməsini nəzərdə tutan konstitusiya qanunu layihəsinin müzakirəsinin də bəzi xüsusiyyətləri vardır. Konstitusiya qanunu layihəsi hər 2 palatadə 3 aylıq fasilə ilə 2 oxunuşdan keçməli və hər 2 palatada üzvlərin ümumi sayının mütləq səs çoxluğu ilə qəbul edilməlidir. Belə qanunlar dərc edildikdən sonra 3 ay müddətində deputatların (senatorların) 1/5 hissəsinin və ya 500 min seçicinin, yaxud da 5 Vilayət Şurasının tələbi ilə həmin qanun üzrə referendum keçirilə bilər. Konstitusiya qanunu hər 2 palatada üzvlərin ümumi sayının 2/3 hissəsinin səs çoxluğu ilə qəbul edilərsə referendum keçirilmir.


| 1 | 2 |

Bashlanqic Yuxari Ashaqi Kitabxana Bolme

TƏQDİM EDİRİK

http:\\www.karabakh-doc.gen.az

Qarabaq senedlerde

Bütün hüquqlar qorunur. Materiallardan təkrar istifadə zamanı səhifəni göstərmək vacibdir.

Powered bu TusiSoft